Dekabrın 26-da Xətai Sənət Mərkəzində (XSM) Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası (ADRQ) ilə birgə uşaq və yeniyetmələr arasında keçirilmiş “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı.
   Tədbiri giriş sözüylə sənətşünas Samir Sadıqov açaraq müsabiqə barədə məlumat verdi. Bildirdi ki, ölkənin bütün bölgələrini əhatə edən bu yarışma uşaqların rəssamlıq bacarığının inkişafına yönəlib. 
   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov vurğuladı ki, müsabiqənin keçirilməsində məqsəd təbiətin qorunması, uşaqlarda vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşması, yaradıcılığın, obrazlı düşüncənin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıdır.
   Qeyd edildi ki, yarışmada 15 yaşa qədər olan uşaq və yeniyetmələrin hər biri yurdumuzu tərənnüm edən mövzularda çəkdikləri 3 əsərlə iştirak edə bilərdi. Müsabiqəyə 800-ə yaxın uşaq 1700-ə qədər əsərlə qatılıb. Münsiflər heyətinin seçimi ilə II tura keçmiş 150 uşağın 160 işi sərgidə nümayiş olunur. 
   Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov və Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə Xətai Sənət Mərkəzində ardıcıl təşkil olunan sərgilərin uşaqların dünyagörüşünün formalaşmasında və doğma yurda bağlılığında böyük rol oynadığını qeyd etdilər. 
   Sonra müsabiqədə fərqlənən iştirakçılar mükafatlandırıldı. 
   Müsabiqənin ən yaxşı rəsmi üçün ADRQ-nin təsis etdiyi Qran-pri mükafatı Nəzrin Əliyevaya (7 yaş) təqdim olundu. Səid Mirzəyev (11 yaş) I, Fatimə Həbibli (10 yaş) II, Murad İsmayıl (5 yaş) III yerlərə layiq görüldülər. Günel Haqverdiyeva, Xədicə Abdullayeva, Ümid Həsənli, Mədinə Mirzəyeva, İsmayıl Quluzadə, Leyla Sultanova, Şahanə Qafarova, Nəsibə Rəhmanova, Nigar Rüstəmli və Tuba Alıyevaya həvəsləndirici mükafatlar verildi. 
   
   S.Qaliboğlu