Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018” beynəlxalq karikatura müsabiqəsini elan edib. 2018-ci ildə “Molla Nəsrəddin” - Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin 10 ili tamam olur. Bu münasibətlə növbəti müsabiqə “Yubiley” mövzusuna həsr edilir.
   Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilən müsabiqəyə təqdim ediləcək işlər həm “Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyi, həm də müəllifin öz yubileyi ilə bağlı ola bilər.
   İştirakçılar karikaturalarla birlikdə ürək sözlərini, fikir və təkliflərini yazıb göndərə bilər. Fikirlər karikaturalarla birlikdə müsabiqənin albomunda dərc ediləcək. Müsabiqə internet vasitəsilə keçirilir. Karikaturalar 2018-ci il oktyabrın 10-dək 300 dpi, jpg formatında mollanasreddin2018@gmail.com elektron ünvanına göndərilməlidir. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
   Karikaturaları beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq qızıl, gümüş, bürünc medal və diplomlar veriləcək. Habelə münsiflər heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikatura Mərkəzinin xüsusi mükafatları olacaq.
   “Molla Nəsrəddin” - Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin təşkilatçısı Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadədir.