Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına salınması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasında Azərbaycan tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunmuşdu. 
   Martın 29-da Şəki şəhərində UNESCO-nun ekspertləri ilə şəhər rəhbərliyinin görüşü olub. Tədbirdə Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki, italiyalı memar, UNESCO-nun məsləhətçisi Pietro Laureano, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
   Görüşdə layihə ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
   Qonaqlar əvvəlcə Şəkinin tarixi-mədəni irsinə dair sərgi ilə tanış olub, bu barədə film izləyiblər.
   Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin tarixi, mədəniyyəti, sənətkarlıq ənənələri və turizm potensialı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Şəki şəhəri TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, ötən il isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
   Bildirilib ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya ilə bağlı irəli sürülən tələblərə görə, Azərbaycan tərəfi təqdim olunmuş ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılmasını və həyata keçirilməsini təmin etməli, monitorinq sistemini inkişaf etdirməli və digər öhdəlikləri yerinə yetirməlidir. Qeyd olunub ki, təqdim olunan nominasiya ilə bağlı 2017-ci ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyində keçirilən müşavirədə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlər müəyyənləşdirilib. Hazırda “Yuxarı Baş” tarix-memarlıq qoruğunun ərazisində turizm imkanlarının daha da gücləndirilməsi istiqamətində iş aparılır. Burada mövcud infrastrukturun yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. 
   Görüşdə Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki, UNESCO-nun məsləhətçisi Pietro Laureano, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov çıxış edərək, layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirib, təkliflərini bildiriblər.