Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalı keçirilir və festival çərçivəsində müsabiqə elan olunur. 
   “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində reallaşdırılan layihə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, doğma elə, Vətənə məhəbbət aşılamaq məqsədi daşıyır.
   Festival-müsabiqədə iştirak etmək istəyənlər yaşadığı bölgənin abidələrinin, yerli mətbəx nümunələrinin, bölgəyə xas olan flora və faunanın, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin, musiqi alətlərinin və s. təsviri, habelə hərbi-vətənpərvərlik mövzulu və qəhrəmanların obrazlarının əksi olan rəsmlərin fotosunu, özləri haqqında məlumatı (ad, soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adı) əlavə etməklə may ayının 5-dək Xətai Sənət Mərkəzinə (email: xsm.2016@mail.ru və mərkəzin sosial şəbəkə səhifələri) təqdim etməlidir. 15 yaşına qədər uşaq və yeniyetmələrin qatıla biləcəyi sənət yarışmasında 30 əsər seçiləcək və müəllifləri mükafatlandırılacaq.