XX əsrin birinci yarısında Türkiyə rəssamlıq mühitində özünəməxsus yeri olan sənətkarlardan biri də görkəmli fırça ustası, yazıçı, siyasi xadim Namik İsmayıldır. Onun rəsmləri Türkiyənin hüdudlarını aşaraq Qərbi Avropada da şöhrət qazanıb, bir sıra şəhərlərdə sərgiləri təşkil olunub.
   Namik İsmayıl 1890-cı ildə Türkiyənin Samsun şəhərində dünyaya göz açır. Kiçik yaşlarında ailəsi İstanbula köçür, ibtidai təhsilini burada alır. Sonra təhsilini Beşiktaşdakı “Hamidiyyə” məktəbində davam etdirir, Qalatasaray liseyində oxuyur. Görkəmli şair Tofiq Fikrətin müdir olduğu liseyə dəyişilir və orta təhsilini burada tamamlayır. İlk təhsil illərindən rəsm çəkməyə maraq göstərən Namik rəsm müəllimi Şevkət Dağdan rəssamlığın sirlərini öyrənir.
   1911-ci ildə rəngkarlıq təhsili alması üçün Parisə gedir. Julian Akademiyasında və Fernand Cormon atelyesində (emalatxana) təhsil alır, bu sənətin dərinliklərinə baş vurur. Üç il Parisdə oxuduqdan sonra İstanbula dönür. 1917-ci ildə Ənvər paşanın İstanbulun Şişli rayonunda qurduğu atelyedə İbrahim Çallı, Hikmət Onat, Ruhi Arel, Sami Yetik, Əli Camal, Əli Sami Boyar kimi rəssamlarla birlikdə I Dünya müharibəsini əks etdirən rəsmlər çəkir. Onun həmin əsərlərdən ibarət “Qalatasaray” sərgi salonunda sərgisi təşkil olunur. Eyni zamanda bu əsərlərinin Vyana və Berlində də sərgilənməsini istəyir. Bunun üçün Cəlal Əsad Arsevənlə birlikdə Berlinə gedir və 1917-ci ilin iyun ayında orada “Qalatasaraylılar yurdunda” adlı sərgisi açılır və sənətsevərlər tərəfindən maraqla qarşılanır. Rəssam yaradıcılıq uğurlarına görə gümüş “Qırmızı Aypara” medalı ilə təltif olunur.
   Fırça ustası bir müddət Berlindəki Lieberman və Corinth atelyelərində çalışdıqdan sonra İstanbula qayıdır. Qazi Osman paşa orta məktəbində rəsm müəllimi kimi işə düzəlir. Burada uzun müddət işlədikdən sonra İtaliyaya getmək istəyir. Məktəbin müdiriyyəti buna icazə verməsə də, o, buradan ayrılmalı olur. Romaya gedir və bir il İtaliyanı gəzir, gördüyü məkanlara dair xeyli əsərlər ərsəyə gətirir.
   1919-cu ildə vətənə qayıdan rəssam siyasətə qoşulmağa qərar verir. Türkiyə İşçi və Əkinçi Sosialist Partiyasına qatılır və sonradan partiyanın rəhbəri seçilir. Araşdırmalarda göstərilir ki, N.İsmayıl rəssamlıqla yanaşı, bədii yaradıcılıqla da məşğul olub. “Dərgah”, “Yeni məcmuə”, “Qurtuluş”, “İrəli”, “Axşam” və s. qəzet və jurnallarda çıxışlar edib. Mənbələrdə o da qeyd olunur ki, sənətkar eyni zamanda “Şimali Qafqaz Cəmiyyəti”, “Türkiyədə Şimali Qafqaz Siyasi Köçkünləri Komitəsi”, “Qafqaz İstiqlal Komitəsi” kimi çərkəz qaçqın təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb. İstanbulda və Berlində bu təşkilatlar adından işlər görüb.
   N.İsmayıl 1927-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetində rektor köməkçisi təyin edilir və ömrünün sonuna qədər bu təhsil ocağında çalışır. Sənətkar yaradıcılığının çiçəklənən çağlarında, 30 avqust 1935-ci ildə 45 yaşında vəfat edib.
   
   Savalan Fərəcov