Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Milli Kitabxanasına təşəkkür edirik.
   49 il əvvəl...
   
   Parisdə Azərbaycan musiqisi haqqında mühazirə
   
   Fransaya Ümumittifaq "Bilik" cəmiyyəti nümayəndələri qrupunun tərkibində getmişdim. Fransız həmkarlarım mənə Azərbaycan musiqisi haqqında məruzə etməyi təklif etdilər. Mühazirəni dinləməyə Fransanın görkəmli şərqşünas alimləri, Musiqişünaslıq institutunun nümayəndələri və jurnalistlər gəlmişdilər. Mən kluba toplaşanları Sovet hakimiyyəti illərində əsil tərəqqiyə çatmış Azərbaycan musiqi mədəniyyətinin gözəl nailiyyətləri ilə məmnuniyyətlə tanış etdim. Dinləyicilər Üzeyir Hacıbəyovun ölməz "Koroğlu" operasının müqəddiməsini, Bülbülün ifasında Üzeyir Hacıbəyovun romanslarını, Qara Qarayevin "Yeddi gözəl" baletindən parçaları səmimi qarşıladılar. 
   
   “Kommunist" qəzeti, 16 may 1969-cu il (Əfrasiyab Bədəlbəylinin Parisə səfər təəssüratı)
   
   45 il əvvəl...
   “Hicran"ın səhnə həyatı
   
   Son vaxtlar Musiqili Komediya Teatrımız haqqında söz düşəndə onun müasir tələblərə cavab verən əsərlər uğrunda inadcıl axtarışları müsbət hadisə kimi qeyd edilir. Düzdür, bu axtarışlar bəzən lazımi bəhrə vermir, sönük əsərlər səhnəyə yol tapır. Bu mənada "Hicran" pyesinin tamaşaya hazırlanması fərəhli hadisədir... 
   Düzdür, "Hicran" yazıçının məzmun orijinallığı ilə seçilən əsərlərindən deyildir. Söz yox ki, ömür vəfa etsəydi, həmişə yaradıcılığına tələbkar olan Sabit Rəhman əsəri kamilləşdirməyə çalışardı. Ola bilsin ki, o mənfi tiplərlə müqayisədə müsbət obrazların bir qədər zəif çıxmasının qarşısını alardı... Lakin bütün bunlara baxmayaraq, "Hicran" əsərində də dramaturq öz təsvir dəst-xəttinə sadiq qalmışdır. "Hicran"ın musiqi müəllifi istedadlı bəstəkar Emin Sabitoğludur. O, Musiqili Komediya Teatrı üçün ilk dəfə əsər yazmış, ciddi imtahan vermişdir. Bu sınaq həm mərhum atasının yaradıcılığı qarşısında, həm də teatrın gözəl ənənələri qarşısında olmuşdur. İnamla demək olar ki, Emin Sabitoğlu ilk imtahandan müvəffəqiyyətlə çıxmışdır. 
   
   “Ədəbiyyat və incəsənət" qəzeti, 
   12 may 1973-cü il