Gürcüstanda yaşayan azərbaycanlılara öz mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb.  Bu fikri iyunun 13-də Tbilisidə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze bildirib.

Gürcü nazir deyib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında çox maraqlıdır. Bildirib ki, nazirlikdə ölkələrimiz arasında mədəni əlaqələrlə məşğul olan xüsusi işçi qrup yaradılıb. Qrup mədəni irsimizin mühafizəsi, birgə tədbirlərin təşkili  məsələləri ilə məşğul olur.

Öz növbəsində Fuad Muradov qeyd edib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdır. Bizim xalqlarımızı oxşar tarix və talelər birləşdirir. F.Muradov regional münaqişələrin təhlükəsizliyimizə və sabitliyə, inkişafa, mədəni irsimizə vurduğu zərbələr barədə danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstana səfəri çərçivəsində Rustavi və Marneulidə bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.

F.Muradov Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın evində təşkil edilən anım günündə də iştirak edib. Görüşdə sənətkarın davamçısı olan aşıqların çıxışları dinlənilib.