Dünyanın məşhur mütəxəssisləri Bakıya gələcək

Azərbaycan Xalça Muzeyi oktyabrın 25-27-də Bakı şəhərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda üçüncü Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” adlı simpoziuma ev sahibliyi edəcək.

Muzeyin mətbuat xidmətindən bildirilib ki, bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq. Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, “Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Stefani Bunn universitetdə Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq, sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğızıstanın keçəçilik sənətinə həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. Stefani Bunn həmçinin, “Nomadic Felt” jurnalının müəllifi və “Anthropology and Beauty” nəşrinin redaktorudur. Hal-hazırda o, “Woven Communities” layihəsinin rəhbəridir.

Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də müxtəlif sahələrdə tətbiq edilməsidir.

Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.