Türkiyədə 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümü təntənə ilə qeyd edilib.

Bu münasibətlə ölkə ərazisində mərasimlər, konfranslar keçirilib. Ən böyük mərasimlər Muş vilayətinin Malazgirt rayonunda yerləşən “Malazgirt meydan müharibəsi tarixi milli parkında” və Bitlisin Ahlat rayonunda təşkil olunub.

Qeyd edək ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyogenin ordusuna qarşı döyüşdə tarixi zəfər qazanıb. Səlcuqların sayca az, lakin cəsur və yenilməz qüvvəsi qarşısında tab gətirməyən Bizans İmperatorluğunun süqutu başlayıb. Beləliklə, Böyük Səlcuq İmperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün tarixi şans əldə olunub.