Ölkəmiz füsunkar təbiəti, tarixi-mədəni irs nümunələri ilə zəngindir. Vətənimizin hər regionu özünün adət-ənənəsi, təbii gözəllikləri, memarlıq üslubunun, tarixi mirasın müxtəlifliyi ilə diqqəti cəlb edir.

Zaqatala rayonu da mədəni sərvətləri, abidələri ilə tanınır. Uzaq keçmişdə mühüm hadisələrin cərəyan etdiyi Zaqatala qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixində də mühüm yeri olmuş diyarlarımız sırasındadır. Bu, günümüzədək gəlib çatmış qədim alban məbədlərinin timsalında öz əksini tapır. Bunlardan biri rayonun mərkəzində yerləşən, rus kilsəsi kimi tanınan məbəddir.

Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı, sənətşünas Rasim Ələsgərov deyir ki, rayonun mərkəzi hissəsində yerləşən bu abidə digərlərindən xüsusilə forma quruluşuna görə fərqlənir: “Bu məbədin IV-VI əsrlərdə inşa olunduğu ehtimal olunur. Tikinti əsasən qədim Bizans arxitekturasının elementlərini xatırladır. Kilsə günbəz formasında tikilib. Məlum olduğuna görə, alban tikililəri adətən erkən xristianlıq dövründə əsasən dağətəyi yerlərdə və yaxud da, meşə massivlərində salınırdı. Bu kilsənin salınması zamanı yerləşdiyi ərazinin meşəliklə örtülməsi və daha yuxarı hissədə olması onun erkən əsrlərə aid olduğunu deməyə imkan verir”.

Rasim Ələsgərovun sözlərinə görə, tikintidə əsasən çay daşlarından və bişmiş kərpicdən istifadə olunub. Kilsənin üzərindəki günbəz 12 gözlüdür. Memarlıq baxımından diqqət yetirdikdə kilsənin daxilində T şəkilli sütunlardan istifadə olunduğu görünür. Sütunlar həm də günbəzin saxlanmasında dayaq rolunu oynayır. Əvvəllər kilsənin günbəzə çıxan ayrıca pilləkənləri olub. Pəncərə hissələrinə çöl tərəfdən apsida əlavə olunub.

Kilsənin ətrafında tikilən digər kiçik hücrələr isə ya uzaqdan gələn qonaqların gecələməsi üçün sığınacaq, ya da dini dərslərin keçirilməsi üçün sinif kimi istifadə olunurmuş. Məbədin sol hissəsində geniş sahəyə malik olan zal isə kütləvi ibadətlərin keçirilməsi üçün istifadə olunub. Kilsədə yeraltı yolların olması da ehtimal olunur.

Müsahibim deyir ki, rus işğalından sonra, 1830-cu ildə Zaqatala qalası salındıqdan sonra buraya köçürülən xristianların ibadət etmələri üçün kilsə xristian əhalisinin istifadəsinə verilib. Belə ki, həmin dövrdə üzərində “bərpa” işləri aparılmış kilsənin xarakteri və quruluşu dəyişdirilərək rus kilsəsi kimi fəaliyyət göstərib. Sovet hakimiyyəti illərində kilsədən yaşayış evi kimi istifadə olunub.

Qeyd edək ki, avqustun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayonunda vətəndaşlarla görüşündən sonra həmin tarixi binaya baxış keçirib. Tikilinin vəziyyəti ilə tanış olan nazir onun bərpası məqsədilə müvafiq araşdırma aparılmasının, təmir-bərpa işinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Fariz HÜSEYNOV