Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də görkəmli bəstəkar Arif Cahangir oğlu Məlikovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. 85 yaşı tamam olan bəstəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub.

Dövlət başçısı Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edib.

Təbrik məktubunda görkəmli bəstəkarın geniş diapazonlu rəngarəng yaradıcılığı müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindən biri kimi dəyərləndirilib. “Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır”, – deyə təbrikdə bildirilir.

Məktubda Arif Məlikovun gənclərin hamisi və mahir pedaqoq olaraq istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərdiyi vurğulanır. Sənətkarın yaradıcılığının dövlət tərəfindən daim lazımınca qiymətləndirildiyi, bəstəkarın Azərbaycanın ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görüldüyü qeyd edilir.