“YARAT” Müasir İncəsənət Mərkəzi “Artxronika” adlı yeni maarifçilik layihəsinə start verir. Layihə çərçivəsində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulub.

Sentyabrın 21-də “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində Rusiyanın Dövlət Tretyakov Qalereyasının əməkdaşı, sənətşünas və ekspert Olqa Polyanskaya ilə görüş keçiriləcək. Ekspert 1960-1980-ci illər Azərbaycan rəngkarlığının qalereyanın kolleksiyasında qorunub saxlanan nümunələri haqqında danışacaq.

Azərbaycan rəngkarlığı Rusiyanın bir çox muzeylərində mövcuddur, amma məhz Tretyakov qalereyasının kolleksiyası aparıcı ustadlarımızı təqdim edir. Bu kolleksiya həmçinin Azərbaycan incəsənətinin olduqca mühüm mərhələsində rəngkarlığın təkamülü barədə təsəvvür yaradır.