Gənc kinorejissor Emir Bayqazin “Çay” filminin uğurundan sonra “Hollywood Foreign Press Association” qurumundan prezident qrantına layiq görülüb. “Tengrinews.kz” portalının “Qazaxfilm”in mətbuat xidmətinə əsasən yaydığı məlumatda deyilir ki, bütün dünyadan altı rejissor “Film Independent” ilə tərəfdaşlıq üçün “Hollywood Foreign Press Association” qurumunun təsis etdiyi ilk prezident qrantını alıb.

75-ci Venesiya kinofestivalının “Üfüqlər” bölməsi üzrə “Ən yaxşı rejissor” mükafatını qazanmış E.Bayqazin də həmin altı nəfərdən biridir. Kinematoqrafçılar 2019-cu il yanvarın 2-dən 23-dək Los-Ancelesdə olacaq, görkəmli rejissorların ustad dərslərində, seminarlarında iştirak edəcəklər.

Mükafatçılar həm də “Film Independent”in təşkil etdiyi digər öyrədici tədbirlərə, nümayişlərə, həmçinin 76-cı “Qızıl qlobus” mükafatının təqdimat mərasiminə qatılacaqlar.

Onu da qeyd edək ki, E.Bayqazinin “Çay” filmi “Platforma” Toronto (Kanada) kinofestivalında münsiflər heyətinin xüsusi mükafatını alıb. Münsiflər heyətinin üzvü Li Çxan Don filmdəki təsvirlərin gözəlliyini, rejissorun baş verən hadisələrə fərqli münasibətinin lentdəki əksini xüsusi vurğulayıb.

Festivalın rəsmi press-steytmentində münsiflər bu qazax filmi barədə öz rəylərini belə ümumiləşdiriblər: “Biz adamı heyran edən vizual həllər, üslub prinsiplərinin cəsarətlə, səbirlə gözlənməsi vasitəsilə yaradılmış fərqli aləmə düşdük”.

Aslan haqqında trilogiyanın (“Harmoniya dərsləri” - 2013, “Yaralı mələk”  - 2016) sonuncu filmi olan “Çay” sivilizasiyadan uzaqda yaşayan, lakin şəhərli qonağın gəlişindən sonra həyatları dəyişən beş qardaşın taleyindən bəhs olunur. Filmin çəkilişləri Cənubi Qazaxıstan vilayətində aparılıb.