Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının daha bir tədbiri sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində keçirildi. Muzeydə “Vətənə qaytarılan incilər” silsiləsindən “Naxçıvan” və “Hacıqayıb” xalçalarının təqdimatı oldu. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və mədəniyyət xadimləri iştirak edirdi.

Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid “Hacıqayıb” (Quba) xalçaları haqqında məlumat verdi. Bildirdi ki, xalçalar muzeyin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi vətəninə qaytarılması” layihəsi çərçivəsində muzeyə hədiyyə olunub. “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun və italiyalı kolleksiyaçı Mirko Kattainin təşəbbüsü ilə ölkəmizə gətirilib. Direktor vurğuladı ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə təqdim etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın “Xətai” xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev Xalça Muzeyinin Azərbaycanın milli mədəni sərvətlərinin xarici ölkələrdən vətənə qaytarılması istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirdi: “Bir neçə il öncə Xalça Muzeyində ən qədim xalça XIX əsrə aid idi. Son illər aparılan məqsədyönlü işlər nəticəsində bu gün mədəniyyət ocağında daha əvvəlki dövrlərə aid nadir xalçalar nümayiş etdirilir. Hesab edirəm ki, bu işlər genişlənməlidir. Dünyanın müxtəlif kolleksiyalarında saxlanılan Azərbaycan xalçalarının ölkəmizə gətirilərək Xalça Muzeyində nümayiş etdirilməsi qarşıda duran əsas vəzifələrimizdəndir”.

Fikrət Babayev xalçalarımızın Azərbaycana gətirilməsində əməyi olan hər kəsə nazirliyin rəhbərliyi adından təşəkkür etdi.

İtaliyalı kolleksiyaçı Mirko Kattai çıxış edərək xalçaların Azərbaycana qaytarılmasında əməyi olmasından məmnunluğunu bildirdi.

Çıxışlardan sonra “Muğam və ruh” qrupu və Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı təqdim edildi.

Savalan FƏRƏCOV