Oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin 15 ili tamam oldu. Bu illər müstəqillik tariximizdə yeni mərhələ olmaqla bərabər, ölkə həyatının bütün sahələrinin dinamik inkişafı, o cümlədən bölgələrimizin ahəngdar sosial-iqtisadi, mədəni tərəqqisi ilə, Azərbaycanın regionda güc-qüdrətinin, dünyada nüfuzunun artması ilə müşayiət olunub.

Ötən dövrdə ölkə rəhbərinin regionlara çoxsaylı səfərləri də yeni infrastruktur layihələrinin reallaşması, yeni müəssisələrin, sosial-iqtisadi obyektlərin, mədəniyyət ocaqlarının, istirahət mərkəzlərinin açılışı ilə yadda qalıb.

Prezident İlham Əliyevin oktyabrın 15-də cənub bölgəsinə səfəri də bu baxımdan əlamətdardır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfər çərçivəsində İstisu və Sağlamlıq Mərkəzi ilə tanış olub, Lənkəran Olimpiya İdman Kompleksinin, “Azərişıq” tərəfindən inşa edilən “Lənkəran-2” yarımstansiyasının, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası istifadəyə verilib.

Dövlət başçısı və birinci xanım “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında da iştirak ediblər. Müəssisənin kollektivi ilə görüşən Prezident xalçaçıların zəhmətini yüksək qiymətləndirərək bildirib ki, bu sahənin inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülür: “Siz xalçaçılığı yaşadırsınız. Şadam ki, Azərbaycanda belə xalça fabriklərinin tikintisi geniş vüsət alıb. Bu, mənim iştirakımla açılan sayca altıncı xalça fabrikidir. “Azərxalça”nın xətti ilə ölkəmizdə 30 fabrik yaradılacaq. Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk. Hazırda Sumqayıt şəhərində əyirici-boyaq fabriki tikilir. Bölgələrdə yun qəbulu məntəqələri yaradılır ki, keyfiyyətli xammal tədarük edilsin”.

* * *

Daha sonra Astara rayonuna gələn dövlət başçısı “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın şəhər və rayonlarında yeni park və istirahət guşələri yaradılır. Dövlət başçısı Astara şəhərindəki park-bulvar kompleksi ilə tanış olub.

* * *

Prezidentin Lerik rayonuna səfəri də yeni müəssisə və layihələrin istifadəyə verilməsi ilə əlamətdar olub. Piran-Hamarat-Vijaker avtomobil yolu yenidənqurmadan sonra açılıb, elektrik stansiyası istismara verilib. Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının və Lerikdə Bayraq Muzeyinin açılışında da iştirak edib. Həmçinin “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması mərasimi keçirilib.

Mərasimdə sakinlərlə görüşən dövlət başçısı ucqar dağ rayonunda belə bir layihənin gerçəkləşməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı, əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin”.