İran İslam Respublikasının İRNA xəbər agentliyinin baş direktoru Seyyid Ziya Haşimi Azərbaycan Mətbuat Şurasında olub.

Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, beynəlxalq əlaqələrdən, 2016-cı ildə  Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və informasiya departamenti arasında imzalanmış anlaşma memorandumundan söz açıb. Bildirib ki, son zamanlar İran və Azərbaycanın media qurumları arasında əlaqələr güclənməkdədir.

Seyyid Ziya Haşimi rəhbəri olduğu media orqanının hər zaman Azərbaycana böyük önəm verdiyini vurğulayıb.

Görüşdə İran və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkili, Xəzər hövzəsi ölkələri jurnalistlərinin birgə toplantılarının keçirilməsində təşəbbüskarlıq, təcrübə mübadiləsi barədə söhbət açılıb.