Yəqin ki, hər bir rəssam hər dəfə əli fırçalı molbert qarşısında dayanıb duyğularını kətan üzərində ifadə etmək istəyəndə özünün bütün mənalarda ən yaxşı əsərini yaradacağına inanır. Zamanın axarına nəzər salsaq, bu yaradıcı andan doğan möhtəşəm sənət nümunələrinin bir çoxunun Azərbaycan ünvanlı olduğunu görərik. Belə olmasaydı, dünya incəsənətinin “Azərbaycan rəssamlığı” səhifəsi yaranmazdı. Bu mənəvi saxlancdakı əsərlərdə xalqımızın uzaq-yaxın tarixinə, mənəvi dəyərlərinə, mədəniyyət nümunələrinə yüksək sənətkarlıqla bədii münasibət bildirildiyindən, onlar dünən olduğu kimi, bu gün də bizdə qürur doğurur.
Yəqin ki, milli mədəniyyətimizi şərəfləndirən belə sənət incilərinə münasibət gələcəkdə də belə olacaq. Çünki həmin əsərlərdə bizləri duyğulandıran bədii-tarixi və bədii-estetik dəyərlər kifayət qədərdir. Müstəqillik dövrünün bədii hadisəsi sayıla biləcək belə əsərlərdən biri Vaqif Ucatayın “Sevda (Azərbaycan toyu)” adlı rəngkarlıq tablosudur.
Rəssamlarımızın çoxundan fərqli olaraq, o, əsərlərinin məna-məzmun yükünü incəliyinə kimi izah etməyə qadir olan yaradıcılarımızdandır. Odur ki, gəlin, öncə əsərin yaranma səbəblərini onun öz dilindən eşidək: “Düşünməyi hər şeydən çox sevən, bu işi ən sevimli vərdişə çevirən bir insan kimi xalqımızın yüzillər boyu, bu qədər yadellilərin işğallarına, öldürücü, yad etkisinə uğradığı halda, niyə hələ də yox olmadığı, bir millət kimi öz milli kimliyini itirmədiyi məni həmişə düşündürüb. Bu da səbəbsiz deyil. Mənə görə, xalqımızı milli köklərindən qopmağa qoymayan iki mədəniyyət olayıdır: Bunlardan biri “Toy” gələnəyi, bir də “Novruz” bayramıdır. Onların hər ikisi təbiətin yasalarına uyğun olub, bizim öz düşüncəmizdən yaranmışdır. Bu gələnəklərin ikisi də doğal artımla, yenilənmə ilə bağlıdır. Dilimizdəki, xoşbəxtliyin ifadəsi kimi işlədilən “Toy-bayram” sözünün kökü də elə dəyişilməz, danılmaz bu iki olayla bağlıdır. Xalqımız bayram dedikdə ancaq “Novruz”u nəzərdə tutub. Gələnəklərin hər ikisi, fəlsəfi, elmi əsaslarının olmasından başqa, görüntü baxımından da öz gözəlliyi, çoxboyalılığı ilə bir-birinə bənzəyirlər. Bu olayların hər biri doğanın (təbiətin) yasalarına əsaslandığından yadlar onları dəyişə bilmədilər. Bunu belə gördükdə isə həmin gözəl gələnəkləri özününküləşdirmək istədilər. O da alınmadı. Çünki bu gələnəklərin yaranmasında başlıca rolu yerli, doğal, coğrafi ortam oynayırdı. Bir sözlə, xalqımız özünü doğanın bir parçası saydığından, onu doğaldan ayrı sala bilmədilər. Bu səbəbdən də həyat, doğa durduqca xalqımız öz gələnəklərilə birlikdə yaşarı olacaqdır.
Öncə onların hər birinə ayrı-ayrılıqda tablolar işləmək istəyirdim. “Sevda” (toy) mənim vaxtımı çox aldığından, “Novruz”u çatdırmayacağımı kəsdirib ona toxunmamağı qərara aldım. Yoxsa “Novruz” tablosu yarımçıq qalacaqdı. Bütün gücümü “Sevda”ya verdim. Ancaq bu iki möhtəşəm olayın bir-biri ilə bağlılığını tabloda göstərməyə çalışmışam...”
Ölçüsü bir o qədər böyük olmasa da (172x132 sm), ərsəyə gətirilmə zamanına görə yəqin ki, onun Azərbaycanda oxşarı yoxdur, desək, yanılmarıq. İlk eskizləri 1980-ci illərdə yaradılan bu əsərin kartonu 2000-2001-ci illərdə hazırlanmış, sonra isə kətana köçürülmüşdür. Əsər yalnız 2018-ci ildə tamamlanmışdır.
Yaradıcılıq prosesinin bu qədər uzanması isə ilk növbədə kompozisiyanın mürəkkəbliyindən qaynaqlanmışdır. Belə ki, xalqımızın ən gözəl adətlərindən birinin – toyun əhatəli şəkildə tamaşaçıya çatdırılması üçün rəssam 20 səhnəni əhatə edən 333 fiqurdan istifadə etmiş, onlara həm real, həm də obrazlı-bədii tutum vermişdir. Ən maraqlısı isə bu qədər insan obrazını rəssamın həyatdan götürməsidir. Başqa sözlə desək, çoxsaylı adət-ənənəyə bağlı motivlərə göz qoyarkən, orada rəssamın “rejissorluğu” – incəliklə idarə etdiyi səhnələrin iştirakçılarının əksəriyyətinin Azərbaycanda tanınan şəxsiyyətlərdən ibarət olduğunu görmək mümkündür.
Etiraf edək ki, Vaqif Ucatay toyun fəlsəfi, mənəvi və əxlaqi dəyərini və əhəmiyyətini toyqabağı yaşanan müxtəlif mərasimlərin zənginliyində və gözəlliyində əyaniləşdirməklə bütünlükdə xalqımızın dünyaya yeni insanın gəlişinə uzanan “yol” kimi düşündüyü bu gözəl adətimizi “Göy”ün “Yer”ə sevgisinin nəticəsi kimi təqdim etməklə, bədii-mənəvi tutumu ölçüyəgəlməz olan sənət incisi yaratmağa nail olmuşdur. Əgər qədim türklərin dünyanın üç – yerüstü (işıqlı) və yeraltı (qaranlıq) dünya, eləcə də göylər (mənəvi ucalıq) dünyası şəklində mövcudluğuna inamını bu gün xatırlamalı olsaq, onda müəllifin kompozisiyanın bədii-fəlsəfi tutumunda “üçlük sistemi”ndən istifadə etməsini, təsvirə gətirilən hər şeydə, eləcə də insanların sayında üç rəqəmini əsas götürməsini məntiqli saymaq olar. Belə ki, kompozisiyada üç rəqəmi özü qədər, üç kərə təkrarlanmaqla böyük say əmələ gətirib. Ona görə də buradakı adamların sayı 333-dür. Dədə Qorqud obrazı ilə başlanan kompozisiyada onun və mərkəzdəki ailənin təsvirindən başqa qalan bütün insanların hamısı kiçik ölçüdə təqdim olunmuşlar. Bu da insanların Tanrı qatında bir olmalarına işarədir...
Əsərin süjet xətti “Bulaq başında” ağ atlı oğlanın doqquz qızdan birini bəyənməsi səhnəsi ilə başlayır. “Elçi”, “Nişan”, “Qız evinə oğlan evindən xərc aparanlar”, “Qız toyu” (pаrçаkəsdi), “Хınаyахdı”, “Toya hazırlıq”, “Gəlin otağının bəzədilməsi”, “Bəyin şərəfinə güləş”, “Ata evindən ayrılma”, “Gəlin faytonunun qarşısının kəsilməsi”, “Gəlinin oğlan evinə gətirilməsi”, “Qovuşma”, sonda isə yeni “Ailə” (ata, ana, övlad) səhnələri ilə davam edərək başa çatır. Burada əsas səhnələrlə yаnаşı, bunları bir-birinə bağlayan səhnələr də verilmişdir. Bu səhnələr əsərin süjet xəttinə uyğun olan, məna-məzmun tutumunun açımına yardım edən, onu daha da zənginləşdirən səhnələrdir...
İnanmaq olar ki, milli rəngkarlığımızın ən mürəkkəb kompozisiyalı bu əsəri nüfuzlu muzeylərimizin birində yer alacaq və tamaşaçılarına estetik zövq qaynağına çevriləcəkdir.
Əlavə edək ki, “Sevda (Azərbaycan toyu)” əsərinin məhz Vaqif Ucatayın fırçasından çıxması heç də təsadüfi deyil. Belə ki, hələ tələbəlik illərindən milli-tarixi mövzulara (“Doğmalıq”, 1978; “Nizami işığında”, 1987) müraciəti ilə həmkarlarından fərqlənən rəssam, bu günə kimi bu yöndə bir-birindən maraqlı əsərlər (“Şuşalı qaçqın qızın taleyi”, 2010; “Şərəfli insanlar”, 2011), o cümlədən Qarabağ hadisələri ilə bağlı çoxsaylı qrafik lövhələr ərsəyə gətirmişdir.
İ.Y.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunu olan Vaqif Ucatay hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və onun nəzdindəki Rəssamıq Kollecində çalışır, yetişməkdə olan gənc nəslə təsviri sənətin sirlərini öyrədir.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi