Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatların rəhbərlərindən təbriklər gəlir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan rəhbərini qurumun baş katibliyi və Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından təbrik edib.

Məktubda vurğulanır ki, Prezident İlham Əliyevin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

“Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk”, – deyə təbrik məktubunda qeyd olunur.