Fevralın 5-də Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatı Festivalının açılışı olub. 20-dən artıq dövlətin nümayəndələrinin iştirak etdiyi festival “Bir millət, mədəniyyətlərin müxtəlifliyi...” şüarı altında keçirilir.

Qahirə Opera Teatrında təşkil olunan mərasimdə İslam dünyasına töhfələr vermiş bir sıra şəxsiyyətlərin xatirəsi anılıb.

Fevralın 9-dək davam edəcək festival çərçivəsində müxtəlif mədəni və bədii tədbirlər, elmi seminarlar, təqdimatlar keçiriləcək. Silsilə tədbirlər Qahirə Opera Teatrında, Əl-Hənacir İncəsənət Mərkəzində, Mədəniyyət üzrə Ali Şurada, Böyük İslam Muzeyində, Əmir Taz sarayında, Ərəb Dövlətləri Liqasının binasında, Əl-Əzhər əş-Şərifdə və digər yerlərdə təşkil ediləcək.

Festivalda beynəlxalq təsisatların – İslam Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) və s. qurumların təqdimatları olacaq.