Bəstəkarlar İttifaqı katibliyinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün yekunlarına həsr olunmuş genişləndirilmiş iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən bildiriblər ki, iclas iştirakçıları mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin inkişafı, mövcud problemlərin həlli baxımından bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

İclasda qeyd olunub ki, bəstəkarlar, yazıçılar, rəssamlar üçün  Şabran rayonunda Yaradıcılıq Evinin tikiləcəyi xəbəri onların sevincinə səbəb olub. Bu, şübhəsiz ki, bəstəkarların və musiqişünasların yaradıcılığına da əlavə stimul olacaq. Bəstəkarlar üçün daha bir əhəmiyyətli məsələ onların ərsəyə gətirdikləri musiqi əsərlərinin dövlət tərəfindən alınmasıdır. Bu, onların yaradıcılıq prosesinə diqqət və marağı əhəmiyyətli dərəcədə artıracaq.

Görüşdə qaldırılmış digər mühüm məsələ televiziya kanallarında verilişlərin tematik və janr tarazlığını tənzimləyəcək nüfuzlu bədii şuraların yaradılmasıdır. Qeyd olunub ki, bu məsələnin həll edilməsi təkcə efirin bədii keyfiyyətinin yüksəldilməsi deyil, həmçinin akademik janrlarda işləyən Azərbaycan bəstəkarlarının yaradıcılığının təbliği və populyarlaşdırılması baxımından önəmlidir.