Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev martın 4-də Tailand Krallığının və Səudiyyə Ərəbistanı Krallığınının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Nazirin Səudiyyə Ərəbistanının yeni səfiri Həməd bin Abdulla bin Səud bin Xudairi  ilə görüşündə də ikitərəfli mədəni əlaqələrdən söz açılıb.

Ölkəmizin zəngin mədəni irsindən danışan Əbülfəs Qarayev müsəlman Şərqində ilk operanın, ilk simfonik orkestrin Azərbaycanda yarandığını diqqətə çatdırıb. Nazir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

Səfir də öz növbəsində bildirib ki, Azərbaycanla əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.

Söhbət zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev iştirak edib.

Qeyd edək ki, nazir hər iki görüşdə 2019-cu ilin may ayında Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini diqqətə çatdırıb və qonaqları bu mötəbər tədbirə dəvət edib.