Martın 5-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiyanın Azərbaycandakı səfirliyinin, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin və “Russian Business Group” jurnalının dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

“Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbiri açaraq bildirib ki, bayram şərəfinə mərkəzdə “Moskva-Bakı. Qadınların baxışı” adlı sərgi keçirilir. Bu layihə 2018-ci ildə təqdim edilmiş “Moskva-Bakı. Kilometrlər arxasından baxış” adlı ekspozisiyanın davamıdır. Belə fotosərgilərin məqsədi Rusiyada yaşayan və böyük uğurlar qazanmış azərbaycanlı qadınları ictimaiyyətə tanıtmaqdır.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova sərginin təşkilatçılarına təşəkkürünü bildirib: “Sevindirici haldır ki, bu gün burada Rusiyanın ictimai həyatına böyük töhfələr verən 36 azərbaycanlı qadının fotoportreti asılıb. Mən uzun illər boyu Rusiyada yaşamışam, bu ölkə mənim üçün ikinci Vətən olub. Çox şadam ki, ölkələrimizi dostluq və tərəfdaşlıq telləri bağlayır”.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir iştirakçılarına Qəmər Almaszadə, Şövkət Ələkbərova kimi görkəmli azərbaycanlı qadınlar haqqında danışıb. O vurğulayıb ki, adları ölkəmizin incəsənət tarixinə qızıl hərflərlə yazılmış qadınlar Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil ediblər.

Tədbir konsert proqramı ilə davam edib.