Prezident İlham Əliyev aprelin 2-də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, UNESCO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UNESCO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Bundan əlavə, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.