2019-cu ilin 30 iyun – 10 iyul tarixlərində Bakıda keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 200-dən çox ölkəsindən 3000-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları isə ölkə başçısının sərəncamı ilə sadələşdirilir.

Bu barədə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə məlumat verib.

“Bu il ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Sessiya çərçivəsində xüsusi proqramlar nəzərdə tutulub. Bu, “Gənc peşəkarlar”ın və “Abidə menecerləri”nin forumlarıdır”, - deyə V.Eyvazzadə söyləyib.

Sessiyada iştirak etmək üçün Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu il iyunun 20-dən iyulun 10-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama uyğun olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UNESCO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat veriləcək. Eləcə də məlumatın Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin ediləcək. Dövlət Miqrasiya Xidməti isə ölkəmizə uçuşlar həyata keçirən aviaşirkətlərə sessiyada iştirakla əlaqədar viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin illik sessiyaları 1977-ci ildən keçirilir. İlk sessiya həmin il Parisdə təşkil olunub. Postsovet məkanında bu mötəbər tədbirə indiyədək iki şəhər – Litvanın paytaxtı Vilnüs (2006) və Rusiyanın Sankt-Peterburq (2012) şəhərləri ev sahibliyi edib. Ötən il Dünya İrs Komitəsinin 42-ci sessiyası Bəhreynin paytaxtı Manamada keçirilib. UNESCO-nun 193 tamhüquqlu və 11 assosiativ üzvü var.