Heydər Əliyev Mərkəzində tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib.

İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılan dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktları diqqətə çatdırıb.

Mühazirəçi qeyd edib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. İstər Azərbaycan, istərsə də Türkiyə ərazisində özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.

Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsindən söz açıb, türk dilinə məxsus səsləri ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərinin türklərin qədim dili, tarixi və mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.

“Qafqaz bizim üçün bir tarixdir”, - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.

“Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da, mənən, ruhən birdir”, - deyən İlbər Ortaylı ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladıb.

Qeyd edilib ki, Nizami Gəncəvi farsca yazsa da, türk idi. İranda yaşayan Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan dilində yazdığı “Heydərbabaya salam” poeması onun mənən xalqına bağlılığını, onunla həmrəyliyini göstərir. Biz bir mədəniyyətik. Bu mədəniyyətin içində rənglər var, əsasında isə türklərin tarixi dayanır.

Türkiyəli professor tədbir iştirakçılarının suallarını cavablandırıb.

İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib. Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Sofiya, Kembric, Oksford universitetlərində dərs deyib, seminarlar aparıb. Türkiyənin televiziya kanallarında müxtəlif proqramlar hazırlayıb. 2005-2012-ci illərdə Topqapı Saray Muzeyinin rəhbəri olub.

Qeyd edək ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan professor İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyində (AYB) də olub. O, AYB-nin sədri, uzun illərdir dostluq münasibətində olduğu Xalq yazıçısı Anarla görüşərək ölkəmizə səfəri ilə təəssüratını bölüşüb. İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim edilib.