Prezident İlham Əliyev aprelin 23-də Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) arasında Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2019-cu il martın 27-də Paris şəhərində imzalanıb. Fərmanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə UNESCO-ya bildiriş göndərmək tapşırılıb.

Xatırladaq ki, sazişi Azərbaycan Hökuməti tərəfdən mədəniyyət naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən təşkilatın baş direktorunun müavini Ernesto Ottone Ramirez imzalayıb. Sənəddə Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə Azərbaycanın və UNESCO-nun vəzifə öhdəlikləri əks olunub.