Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Gəncə Dövlət Universitetində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirib. Tədbir çərçivəsində mərkəz və Gəncə Dövlət Universiteti arasında birgə fəaliyyətə dair müqavilə imzalanıb.

Universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək, tədris ocağında keçirilən mədəni-kütləvi tədbirlər, könüllü qış və yay məktəbləri, sərgilər, müsabiqələr, təqdimatlar, digər mədəni və maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

Son illərdə Azərbaycanda keçirilən beynəlxalq mədəni tədbirlərdə və “ASAN Xidmət”in fəaliyyətində gənclərin yaxından iştirak etdiyini deyən prorektor Pərvin Kərimzadə könüllülük fəaliyyətinin böyük bir hərəkata çevrildiyini təqdirəlayiq hal kimi dəyərləndirib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin çıxışında universitet tələbələrinin də könüllülük hərəkatına qoşulacaqlarına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminlik ifadə olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev və şöbə müdiri Nurəddin Babazadə könüllülük təsisatlarının rolundan, gənclərin fəaliyyəti və müasir çağırışlardan bəhs ediblər. Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti,  hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlığının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.