Şabran rayonu ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala abidəsinin bərpasına hazırlıq işləri görülür. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri ölkə başçısının 2019-cu il 13 mart tarixli sərəncamına əsasən aparılacaq.

İlk növbədə “Çıraqqala” Tarix-Memarlıq Qoruğu ərazisinə tikinti materiallarının daşınması üçün yolun abadlaşdırılmasına ehtiyac var. Şabran və Siyəzən rayonlarından “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə kimi yeni yol çəkilib. Buradan Çıraqqala abidəsinin yerləşdiyi qayanın ətəyinə kimi dağlıq relyefli ərazidən keçən təxminən 2-3 kilometrlik yolda hazırda xüsusi avtomobillərlə hərəkət etmək mümkündür. Bu yolun sonundan Çıraqqala abidəsinədək daha 500 metrədək məsafəni isə yalnız piyada getmək olar. Bərpa işləri çərçivəsində tarixi məkanda inzibati binanın tikintisi də planlaşdırılır.

Möhkəmləndirmə, bərpa-konservasiya işləri başa çatdıqdan sonra “Çıraqqala” qoruğunu ziyarət edən həm yerli, həm də xarici turistlərin sayının artacağı gözlənilir.

Qoruğun baş fond mühafizəçisi Əfruz Fərzəliyeva bildirib ki, çətin keçilən relyefə malik olsa da, il ərzində Çıraqqala abidəsini mindən çox turist ziyarət edir. Onların arasında Avropadan, ABŞ, Rusiya, Hindistan, Pakistan və ərəb ölkələrindən gələn əcnəbilər var.

Böyük İpək Yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Deyilənə görə, o, Xəzər dənizindən Babadağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, Çıraqqala müasir dövrümüzədək gəlib çatıb.

Bələdçi Aysel Meylaverdiyeva bildirib ki, Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar və həyəcan siqnalı digər qala və məntəqələrə çatdırılardı.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

Azərbaycanın tarixi irsinin memarlıq ənənələrinin mühüm nümunələrindən olan “Çıraqqala” tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən, “Çıraqqala” tarixi kompleksi qoruq elan edilib.

Çıraqqalaya turist axınının artacağını şərtləndirən əsas səbəblərdən biri də onun yaxınlığında, sıldırım qayanın altında “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin yerləşməsidir. 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan kompleks regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən kompleks “Qalaaltı” kurortunun bazasında inşa edilib.