Polşanın Varşava Universitetində “İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, konfrans ölkəmizin Polşadakı səfirliyi, Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə reallaşıb.

Konfransın açılışında səfir Həsən Həsənov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, fakültənin Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya və başqaları çıxış ediblər.

Açılışda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. O diqqətə çatdırıb ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər.

Beynəlxalq konfransda Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov “Azərbaycanlıların Ermənistan SSR ərazilərindən – tarixi torpaqlarından sürgün olunması insanlığa qarşı ağır cinayətdir” və elmi katibi İradə Əliyeva “Şimal-Qərbi Azərbaycanda çar Rusiyasının zorakı dini siyasəti” mövzularında məruzə ediblər. Bundan başqa, polyak alimlərinin “Xocalı soyqırımına dünyanın reaksiyası”, “Azərbaycan və Polşaya sovet hərbi müdaxiləsinin nəticələri” və digər mövzularda məruzələri dinlənilib.

Tarix İnstitutunun nümayəndə heyəti səfər çərçivəsində Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkoya həsr edilən xatirə lövhəsini ziyarət ediblər.