İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısının ötən ilin iyulunda imzaladığı sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə vəsait ayrılmışdı. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

Qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. Həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qavaldaşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb.

Ölkəmizdə mövcud olan tarixi, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.