Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə iyunun 14-də “Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində gerçəkləşən tədbiri giriş sözü ilə açan MŞ-nin sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin qurtuluş tarixidir. Bu, ideoloji bir hadisədir. Çünki Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Xalqla dövlət arasında möhkəm bağ yaratdı. İnsanlarda dövlətin əbədiyaşarlığına inam formalaşdırdı. Ulu öndərin kütləvi informasiya vasitələrinə diqqət və qayğısı dövlət siyasətində də özünü göstərirdi: “O, jurnalistikanın missiyasına da müstəsna dəyər verirdi. Medianın funksiya və vəzifələrini dövlət idarəçiliyi baxımından uzlaşdırmağı məharətlə bacaran böyük siyasətçi idi”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik illərində xalq üçün çalışmaq əzmini ortaya qoymuşdu. Heydər Əliyev əməli addımları ilə xalqın milli mənlik şüurunun qorunmasına çalışırdı. Bu zaman o, medianın roluna əsaslanırdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın gerçək müstəqil dövlətçilik mərhələsinin başlanğıcı idi. Həmin illərdə dövlətçiliyə qəsdlər də olurdu. Ulu öndər bu kimi təhlükəli meyillərin qarşısına həm də mediaya güvənərək çıxırdı. Dövlətin media siyasətinin xüsusiyyətlərindən bəhs edən V.Səfərli bu təməlin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə zənginləşdiyini vurğulayıb.

Konfransda digər çıxış edənlər Heydər Əliyevin müəllifi və təşəbbüskarı olduğu nəhəng layihələrin yalnız Azərbaycanın beynəlxalq arenadakı yeri və rolunu müəyyənləşdirmədi, ümumən beynəlxalq siyasətin konturlarını dəyişdiyini vurğulayıb, ulu öndərin media ilə təmaslarında ayrı-ayrı epizodlara toxunub, xatirələrini bölüşüblər.