BMT-nin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 110-cu sessiyasında iştirak etmək üçün ölkəmizə gələn əcnəbi nümayəndələrin qrupu iyunun 19-da Qobustan və Şamaxı şəhərlərində olublar.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Qobustan rayonu ərazisində yerləşən “Diri baba” türbəsinə ziyarətlə başlayan turda qonaqlara abidənin tarixi, orijinal memarlıq forması, dekorativ və zərif bəzək elementləri barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar Cənubi Qafqazda ən qədim məscidlərdən hesab olunan Şamaxı Cümə məscidini ziyarət edib, məscidin tarixi, memarlıq üslubu haqqında məlumat alıblar. Tur çərçivəsində qonaqlar Şamaxı şəhərinin turizm potensialı, xidmət obyektlərinin fəaliyyət istiqamətləri və şərabçılıq ənənələri ilə tanış olublar.

Xatırladaq ki, 16-18 iyun tarixində Bakıda keçirilən Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 110-cu sessiyasında 37 ölkədən və 5 beynəlxalq təşkilatdan nümayəndələr iştirak edib. Sessiya “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” mövzusuna həsr olunub.