Madrid şəhərində “Uşaqlara yardım üçün birləşək” devizi altında keçirilən “Beynəlxalq bazar” xeyriyyə tədbirində 40-dan artıq ölkə təmsil olunub.

Tədbirdə ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə “İspaniyada Azərbaycanlıların Cəmiyyəti” də iştirak edib.

Azərbaycan stendində ölkəmizlə bağlı təbliğat materialları, xalçaçılıq nümunələri və incəsənət əsərləri ilə yanaşı, milli mətbəximizin ləziz nemətləri nümayiş etdirilib. Milli şirniyyatlar, yeməklərimizdən plov, yarpaq dolması, lavaş, milli ornamentləri əks etdirən suvenirlər, milli geyim və musiqi alətlərimiz sərgi iştirakçılarında böyük maraq doğurub.

Azərbaycan stendində satışa çıxarılmış bütün məhsullar, xüsusən milli yeməklərimiz qısa vaxt ərzində ziyarətçilər tərəfindən həvəslə alınıb. Tədbirdən əldə olunan vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədilə beynəlxalq donor təşkilatlarının hesabına köçürüləcək.