Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə ölkəmizin bölgələrində silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Silahlı Qüvvələrin yaranmasının tarixi barədə ətraflı məlumat verilib, ədəbi-bədii, musiqili kompozisiyalar təqdim edilib.

Azərbaycan Milli Kitabxanasında “26 İyun – Silahlı Qüvvələr Günüdür” adlı kitab sərgisi açılıb. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycanın ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şanlı Azərbaycan Ordusu” adlı dəyirmi masa keçirilib. Çıxışlardan sonra tədbir iştirakçıları mövzuya dair kitab sərgisi ilə tanış olublar.

Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə konsert proqramı keçirilib. Müğənnilər Aynur Dadaşova, Zeynəb Həsəni, Tərlan Novxanı, rəqqasələr Kəmalə Səfərəliyeva, Fatimə Fətəliyeva, aşıq Cavid Mərdəlioğlunun ifasında musiqi nömrələri əsgərlərimizə xoş ovqat bəxş edib.

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri, Azərbaycan Alpaqut Federasiyasının Ağdam rayon filialının idmançıları iştirak edib. Məktəblilər vətənpərvərlik mövzusunda kompozisiya göstərib, şeirlər söyləyiblər.