UNESCO-nun baş direktoru Odri Azule Böyük Britaniya və Kanadanın təşəbbüsü ilə Qlobal Media Müdafiə Fondunun yaradılmasını alqışlayıb. Təşkilatın saytında yer alan xəbərə görə, bu ölkələr fonda müvafiq olaraq 3 milyon funt sterlinq və 1 milyon Kanada dolları vəsait köçürüblər.
Qlobal Media Müdafiə Fondunun yaradılmasında məqsəd Birləşmiş Millətlər Təşkilatının jurnalistlərin müdafiəsi planına dəstək verməkdir. Odri Azule deyib: “Bu fond münaqişə şəraitində çalışan media nümayəndələrinin hüquqi müdafiəsinin təmin edilməsi və dünyada söz və mətbuat azadlığının qorunmasında mühüm rol oynaya bilər. Bütün üzv ölkələri Böyük Britaniya və Kanadanın təşəbbüsünə qoşulmağa, jurnalistlərin hüquqi müdafiəsini təmin etməyə, onlara qarşı müxtəlif zorakılıq hallarının qarşısını almağa çağırıram. İndi bizim mətbuat azadlığının təmin edilməsinə və jurnalistlərin təhlükəsizliyinin qorunmasına həmişəkindən daha çox ehtiyacımız var”.
Fondun yaradılması ilə bağlı Böyük Britaniya və Kanada xarici işlər nazirlərinin təşəbbüsü ilə keçirilən media azadlığı üzrə Qlobal Forumda da məlumat verilib. UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya üzrə köməkçisi Moez Çakçok bu məsələ ilə əlaqədar Londonda 50 ölkənin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə məruzə ilə çıxış edib.