Alman dilində nəşr olunan “Grand Tourisme” jurnalının internet saytında Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzinin Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi haqqında məqalə dərc olunub.
Məqalədə Şəki şəhərinin paytaxt Bakıdan avtomobillə 5 saatlıq məsafədə yerləşdiyi, şəhərin tarixi mərkəzinin 2001-ci ildən UNESCO-nun xüsusi qorunmaya ehtiyacı olan mədəni irsin ilkin siyahısında yer aldığı diqqətə çatdırılır.
Məqalədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin Şəkinin Dünya irs siyahısına salınması ilə əlaqədar fikirlərinə yer verilib. O, Şəkinin öz küçələri və arxitekturası ilə müasir Bakı şəhəri ilə kontrast təşkil etdiyini, Xan sarayının Azərbaycanın ən qiymətli tarixi tikililərindən biri olduğunu və buradakı sənətkarların əl işlərinin bütün dünyadan gələn turistləri heyran qoyduğunu bildirir. Qafqaz dağlarının ətəyində yerləşən şəhərdə Xan sarayı və Şəki xanının yay iqamətgahının yerləşdiyi qeyd olunur. Şəki Xan sarayının 1762-ci ildə Hüseyn xan tərəfindən inşa etdirildiyi bildirilir. Şəhərin Böyük İpək Yolunun üzərindəki ticarət yolları şəbəkəsində xüsusi əhəmiyyət daşıyan yer olduğu vurğulanır. Azərbaycan sənətkarlarının məşhur şəbəkə sənəti nümunələrinə bütün şəhərdə rast gəlindiyi və xüsusilə Xan sarayında diqqəti cəlb etdiyi, sarayın rəngli şüşələrdən bəzədilmiş və ağacla haşiyələnmiş mozaikaların mismar və yapışdırıcı olmadan hazırlandığı nəzərə çatdırılır.
Məqalənin sonunda UNESCO-nun bəşəriyyət üçün əvəzolunmaz əhəmiyyətə malik olan mədəni və təbiət abidələrinin müəyyən olunmasına, mühafizəsinə və qorunub saxlanılmasına çalışdığı vurğulanır. 2000-ci ildə Bakının İçərişəhəri və buradakı Qız qalası ilə Şirvanşahlar sarayının, 2007-ci ildə isə Qobustan Milli Tarix-Bədii Qoruğundakı qayaüstü rəsmlərin Dünya irs siyahısına daxil edildiyi qeyd olunur.