“Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik... Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

Prezident bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. İlin altı ayında iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun artdığı diqqətə çatdırılıb.

Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən dövlət başçısı ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Qeyd olunub ki, bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramı qəbul olunub, yerlərdə mühüm infrastruktur layihələri həyata keçirilir. Eyni zamanda büdcə daxilolmaları, valyuta ehtiyatları artır, manatın məzənnəsi sabitdir.

Müşavirədə müvafiq dövlət qurumlarının rəhbərləri görülən işlərlə bağlı məruzə ediblər.

Ayrı-ayrı sahələr üzrə təqdim edilən məlumatları dinləyən dövlət başçısı nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlar verib, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib. Prezident paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirib, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğulayıb.

Ölkəmizin innovasiyalar, müasir idarəetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Prezident deyib:

“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir... Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır...Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik... Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq... İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb...

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik”.