18 il əvvəl ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatıb
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvət, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.
Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.
Məlum olduğu kimi, Cümhuriyyət dövründə (1918) Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmadı. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edildi.
Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edilsə də, icrası illərlə uzandı. Nəhayət, Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən bu proses yekunlaşdı. Həmin ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi.
2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı.
Fərmanda qeyd olunurdu ki, ərəb əlifbası yüzillər boyu müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşıb, o cümlədən Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri bu əlifbada yazılan əsərləri ilə bəşər sivilizasiyasını zənginləşdiriblər. Lakin ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib.
1922-ci ildə Azərbaycan Hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildi.
Fərmanda yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu vurğulanaraq 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edildi.
Bu əlamətdar günün təsis edilməsi dil və əlifba tariximizdə yeni səhifə olmaqla yanaşı, dövlətin bu zəngin milli sərvətə diqqət və qayğısının göstəricisidir. Bu sahədə dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsi Dövlət Proqramının əsas vəzifələrindəndir. Sənəddə müvafiq təşkilatların 2020-ci ilədək görəcəyi işlər əksini tapıb. Bu sıraya elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi, Azərbaycan dilinin düzgün işlədilməsi və onun təmin olunması üçün müvafiq internet resurslarının yaradılması və s. məsələlər daxildir.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı da bu sahəyə dövlət qayğısının göstəricisidir. Fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırılmışdı. Bu günlərdə Nazirlər Kabineti sözügedən Monitorinq Mərkəzinin yaradılması haqqında qərar qəbul edib. Həmçinin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi təsdiqlənib.