Azərbaycan

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. 2001-ci il avqustun 1-də ölkə ərazisində latın qrafikalı Azərbaycan əlifbasına keçid tamamlanıb. Latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, icrası ləng gedirdi və bu proses Prezident Heydər Əliyevin müvafiq (18 iyun 2001) fərmanı ilə yekunlaşdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edildi.

 

1 avqust 1896 – Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafika ustası Həsənağa Hacağa oğlu Mustafayev (1896 - 22.4.1977) anadan olub.

1 avqust 1929 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz; 1929-2010)  anadan olub.

1 avqust 1935 – Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 – 8.9.2005) Lerik rayonunun Hoveri kəndində anadan olub.

1 avqust 1948 – Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov (1948 – 1.8.2013) Bakıda doğulub. Filmləri: “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor).

1 avqust 1961 – Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916 – 1961) vəfat edib.

 

2 avqust 1898 – Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust “Azərbaycan Kinosu Günü” elan olunub.

2 avqust 1969 – Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 – 1969) vəfat edib.

2 avqust 1980 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 – 1980) dünyasını dəyişib. 1952-ci ildən Akademik Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. V.Şekspirin “Antoni və Kleopatra” (1965), Anarın “Şəhərin yay günləri” (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

2 avqust 1984 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 20.8.1912 – 1984) vəfat edib. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Rast” simfonik muğamının müəllifidir.

2 avqust 2009 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942-2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

4 avqust 1915 – Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 – 25.1.1984) Gəncədə doğulub. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

4 avqust 1926 – Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Ağalar oğlu Әliverdibәyov (1926 – 16.2.1985) Bakıda doğulub. Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru, Bakı Musiqi Akademiyasının professoru olub.

4 avqust 1939 – Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 – 11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində çəkilib.

4 avqust 1946 – Xalq artisti, tanınmış diktor Rafiq Eyyub oğlu Hüseynov (1946 – 26.10.2017) Şuşada doğulub. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

 

5 avqust 1895 – Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 – 16.4.1961) anadan olub.

 

6 avqust 1939 – İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Mərdanov (22.9. 1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi “Kəndlilər” bədii filmi Azərbaycan kinosunun “qızıl fondu”na daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.

6 avqust 1948 – Xalq artisti, aktyor Süleyman Paşa oğlu Nəcəfov (1948 – 9.5.2012) İrəvan şəhərində anadan olub. Uzun illər C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında çalışıb.

 

Dünya

 

1 avqust 1819 – Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.

1 avqust 1923 – SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.

 

2 avqust 1834 – Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi; 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki “Azadlıq” heykəlinin müəllifidir.

2 avqust 1932 – İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.

 

3 avqust 1832 – Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.

3 avqust 1994 – Məşhur rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.

  

4 avqust 1859 – Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859-1952) anadan olub. “Aclıq” psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Hitlerin pərəstişkarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və ahıl yaşına görə həbs cəzasından qurtulub.

4 avqust 1901 – Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel “Satchmo” Armstrong; 1901-1971) anadan olub.

 

5 avqust 1844 – Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.

5 avqust 1850 – Fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850 - 6.7.1893) anadan olub. Romanları: “Həyat”, “Əziz dost”, “Arzu alovu”; novellaları: “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s.

5 avqust 1860 – İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860-1939) anadan olub.

5 avqust 1987 – Rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922 - 1987) vəfat edib. Çəkildiyi filmlər: “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s. 

 

6 avqust 1868 – Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel; 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.

6 avqust 1899 – Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.

6 avqust 1931 – İtalyan rejissoru Umberto Lensi (Umberto Lenzi; 1931-2017) anadan olub. Qorxu filmlərinin müəllifi kimi tanınıb.

Hazırladı:  Vüqar ORXAN