Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən 2015-ci ildə qurulan Gənclər xoru daha bir qastrol turunu – Balkan yarımadası ölkələrində konsertlərini başa vurub.

Xəbər verdiyimiz kimi, iyul ayında Ankarada bir araya gələn xor kollektivi Azərbaycan və Qazaxıstandan olan dirijorlar Elnarə Kərimova və Gülmira Kuttibadamovanın rəhbərliyi ilə hazırlanan konsert proqramını öncə Ankarada təqdim etmişdi. Daha sonra Balkan ölkələrinə səfərə çıxan xorun ilk dayanacağı iyulun 18-də Bolqarıstan – 2019-cu ildə Avropanın “Mədəniyyət paytaxtı” olan Plovdiv şəhəri olmuşdu.

Qeyd edək ki, kollektivdə yer alan ifaçılarımız – Tamilla Axundova, İntiqam Allahverdiyev, Kamilla Heydərova, Dilarə Mahmudova və Ülviyyə Məstanova Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil ediblər. Xorun ifasında “Nə baxırsan” və “Dağlarda çiçək” kimi xalq mahnılarımız səslənib.

***

İyulun 21-də xor kollektivi Serbiyanın Novi Sad şəhərində türk dünyası əsərlərindən nümunələrlə sənətsevərlərin qarşısına çıxıb. Novi Pazar Mədəniyyət mərkəzində gerçəkləşən konsert eyni zamanda TÜRKSOY-la əməkdaşlıq çərçivəsində çoxsaylı layihələr həyata keçirən Yunus Əmrə İnstitutunun 10 illiyinə həsr edilib.

Konsertdə təmsil etdiyi ölkələrin ənənəvi geyimləri ilə də diqqət çəkən kollektiv üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan xalq mahnılarını səsləndirərək türk dünyasının mədəni zənginliyini nümayiş etdiriblər.

***

Balkan turu çərçivəsində üçüncü məkan Çernoqoriyanın (Monteneqro) antik Budava şəhəri olub. Xor burada keçirilən ənənəvi “Grand Theater Festival” (Böyük Teatr Festivalı) çərçivəsində açıq havada konsert verib.

Sonra kollektiv Çetine şəhərində düzənlənən “Espressivo 2019” musiqi festivalının  açılış konsertində çıxış edib.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Çernoqoriyadakı diplomatik missiyasının təmsilçisi Mahir Cəfərov, Türkiyənin bu ölkədəki səfirliyinin ikinci katibi Mehmet Emin Öztürk də iştirak edib. Konsert proqramı maraqla qarşılanıb.

***

Xorun Balkan ölkələrindəki son qastrol məkanı Xorvatiyanın tarixi Dubrovnik şəhəri olub. Şəhərin qədim meydanında baş tutan konsert sənətsevərlərə gözəl anlar yaşadıb. Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun da qatıldığı mərasim 70-ci Dubrvonik Yay Festivalı çərçivəsində gerçəkləşib. Türk dünyası musiqi nümunələri tamaşaçılara sənət zövqü bəxş edib. Xüsusilə Aşıq Veysəlin “Uzun, incə bir yoldayam” və “Qara torpaq” kimi mahnıları böyük maraqla qarşılanıb.

Balkan turundan sonra TÜRKSOY-un Gənclik xoru Lissabon şəhərində keçirilən “Dünya Xor Sərgisi”nə qatılmaq üçün Portuqaliyaya səfər edib.

Mehparə SULTANOVA
Ankara