Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bu istiqamətdə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi, Bişkekdə Heydər Əliyev parkının və orta məktəbin tikintisi ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək yeddinci Zirvə görüşü və bu tədbirdə Qırğızıstanın iştirakı məsələləri müzakirə edilib. Zirvə görüşündə müzakirə ediləcək mövzular və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.