Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

Bu sözləri müsahibəsində “Tailanddan MDB ölkələrinə” adlı infotur layihəsi çərçivəsində Bakıda təşkil olunan təqdimat mərasimində bu ölkənin turizm üzrə rəsmisi Srisuda Vanapinyosak deyib.

Bakıya ilk dəfə səfər etdiyini deyən qonaq Heydər Əliyev Beynəlxalq Hava Limanı və “Silk Way Travel” turizm şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirdiyini bildirib: “Azərbaycan, xüsusilə də paytaxt Bakı çox gözəldir. Tailandlı turistlərin diqqətini cəlb etmək, onların ölkənizə gəlməsini təmin etmək və onları Azərbaycanın zəngin mədəniyyəti və tarixi, eləcə də insanları ilə yaxından tanış etmək üçün böyük bir potensial mövcuddur. Lakin tailandlılar ölkəniz haqqında məlumatlı deyillər. Düşünürəm ki, onlar Azərbaycan haqqında daha çox məlumatlandırılsa, buraya daha çox gəlmək istəyərlər”.

Srisuda Vanapinyosak hər il 2 minə yaxın azərbaycanlı turistin Tailanda səfər etdiyini qeyd edib: “İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi sayəsində hər iki ölkənin vətəndaşları üçün səfər etmək daha da asanlaşacaq”.