Sentyabrın 4-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Asiya Ölkələri Yazıçılarının I Forumu işə başlayıb. Forum Qazaxıstanın Yazıçılar Birliyi, Prezident Administrasiyası, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

40 ölkədən yazıçı və şairlərin dəvət olunduğu tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar iştirak edir.

İlk dəfə keçirilən forum Asiya ölkələri yazarları arasında əməkdaşlığı inkişaf etdirmək, ədəbi proseslərin inkişafı ilə təcrübə mübadiləsi və Asiya ədəbiyyatının gələcəyinə dair problemlərin həllini araşdırmaq məqsədi daşıyır.

Forumun açılışında çıxış edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Asiya yazıçılarının ortaq elektron kitabxanasını yaratmağı və “Böyük Asiya” beynəlxalq ədəbi mükafatının təsis edilməsini təklif edib. Dövlət başçısı milli ədəbiyyatın dünyada təbliğindən də danışaraq bu məqsədlə xüsusi proqram çərçivəsində Qazaxıstanın 30 yazıçısının və 31 şairinin əsərlərinin BMT-nin 6 dilinə tərcümə olunaraq nəşr ediləcəyini deyib.

Açılış mərasimindən sonra forum plenar iclaslarla davam edib. “Müasir Asiya sivilizasiyasının ədəbi mənzərəsi” mövzulu plenar iclasda çıxış edən Xalq yazıçısı Anar Azərbaycanla Qazaxıstan arasında münasibətlərin tarixi köklərə bağlandığını, dilimizin və dinimizin ümumi dəyərləri, müasir dövrdə iki ölkə arasında əlaqələrin daha da genişləndiyini bildirib. Azərbaycan Yazıçılar Birliyinin sədri bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu vurğulayıb.

Forum çərçivəsində “Asiya ölkələri ədəbiyyatının şah əsərləri” adlı kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli və İsi Məlikzadənin seçilmiş əsərləri də yer alıb.

Forum sentyabrın 6-da başa çatacaq.