Bərpasına ötən ilin sonlarında başlanılan “Sınıq körpü”də (Qırmızı körpü) müəyyən işlər artıq yekunlaşmaq üzrədir. Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən tarixi abidədə aparılan təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər.

Ötən müddətdə körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilib, körpünün istinad divarları möhkəmləndirilib. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb.

Hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bundan başqa, körpünün üstü, yanları, karvansarası artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb. Körpüdə nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.

Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.

FARİZ