F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova və şöbə müdiri İlahə Quliyeva 17-19 sentyabr tarixində Moskvada keçirilən “Uşaq və gənclər üçün mütaliənin dəstəklənməsi və təbliği” adlı beynəlxalq konfransda iştirak edib.

Rusiya Dövlət Uşaq Kitabxanası və Mütaliəsevərlər Birliyinin birgə təşkil etdiyi konfransda “Nağıllarla səyahət” adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.

Beynəlxalq müsabiqə MDB ölkələrinin milli mədəni dəyərlərinin təbliği, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istedadlı uşaq və yeniyetmələrin axtarılması və dəstəklənməsi, onların özünü ifadə etməyə təşviq edilməsi məqsədi daşıyır.

Qaliblər arasında Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi 11 yaşlı Fatimə Kazımova da var. O, “Ana haqqında nağıl” əsərinə görə birinci yerə layiq görülüb.