Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz resursları – bunlar sadəcə olaraq bir vasitədir.

Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir.

Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 28 saylı tam orta məktəbin açılış mərasimində söylədiyi bu sözlər “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu kitabında yer alıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir. “Azərnəşr” tərəfindən buraxılan kitabda “Qeydlər”, “Şəxs adları”, “Coğrafi adlar” göstəriciləri də verilib.