Sentyabrın 26-da Los-Anceles Kaliforniya Universitetinin (ABŞ) Çarlz Yanq (Charles E.Young) Elmi Tədqiqat Kitabxanasının Şərqi Avropa və Avrasiya üzrə kuratoru xanım Alena Aissing Azərbaycan Milli Kitabxanasında olub.

Kitabxananın direktoru, professor Kərim Tahirov görüşdə hər iki kitabxana arasında əlaqələrin, kitab mübadiləsinin vacibliyini vurğulayıb. Direktor Los-Anceles Kaliforniya Universiteti ilə Azərbaycan Milli Kitabxanası arasında 2018-ci ildə Los-Anceles şəhərində imzalanmış memorandumun əhəmiyyətindən bəhs edib. Xatırladaq ki, bu əməkdaşlıq çərçivəsində böyük şair İmadəddin Nəsiminin əsərlərinin əlyazmaları Kaliforniya Universitetinin kitabxanasında rəqəmsallaşdırılır.

Alena Aissing isə paytaxtımıza ilk dəfə gəldiyini qeyd edib və VI Bakı Beynəlxalq Kitab Sərgisinə, sərgi çərçivəsində Milli Kitabxanada keçiriləcək “Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfransına dəvət üçün təşəkkürünü bildirib. Qonaq həmçinin qeyd edib ki, Nəsimi əsərlərinin əlyazmalarının rəqəmsallaşdırılması üzrə iş davam edir və yaxın günlərdə elektron versiyalar Milli Kitabxanaya göndəriləcək.