Teatr-konsert müəssisələrində yeni mövsümün başlanması, Üzeyir Hacıbəyli festivalı, Bakı kitab sərgi-yarmarkası, Nəsimi festivalı kimi beynəlxalq miqyaslı layihələrlə yadda qalan sentyabrın ardınca oktyabr ayının mədəni tədbirlər proqramı da zəngin və rəngarəngdir.

Bu ay paytaxtımızda eyni zamanda iki beynəlxalq incəsənət layihəsi – 3-cü M.A.P. (musiqi, incəsənət, performans) Teatr Festivalı (10-20 oktyabr) və ənənəvi Bakı Caz Festivalı (18-27 oktyabr)  gerçəkləşəcək. Bu ay şəhərimizin başqa qonaqları da olacaq. Rusiya Federasiyasının mədəniyyət günləri ilə bağlı qonşu ölkənin incəsənət təmsilçiləri Bakıya təşrif buyuracaq. Təbii ki, paytaxtdakı teatrlar da daimi repertuarları ilə bərabər yeni layihələr, premyeralarla tamaşaçıların görüşünə gələcək.

Bütün bunlar və daha artığı “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni çapdan çıxan oktyabr buraxılışında dolğun şəkildə əksini tapıb.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan “Mədəniyyət+Afişa”nın hər buraxılışı mədəniyyət ocaqlarında Bakı sakinləri, eləcə də şəhərin qonaqları arasında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

“Afişa” əlavəsinin oktyabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında, həmçinin bu mövsümdən etibarən artıq öz binasında daimi repertuarla fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrında, eləcə də M.A.P. festivalı çərçivəsində ÜNS Yaradıcılıq Səhnəsində göstəriləcək tamaşalar barədə məlumat almaq mümkündür. Həmçinin ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası,  filarmoniyanın Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və digər məkanlarda təqdim olunacaq konsertlər, Heydər Əliyev Mərkəzində, Milli Xalça Muzeyində, Muzey Mərkəzində keçiriləcək sərgi və təqdimatlar diqqətə çatdırılır. Bundan əlavə, Bakı Caz Festivalının ayrı-ayrı məkanlardakı konsertlərini də “Afişa”da tapmaq mümkündür.

Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, həmçinin konsertlər, sərgilər və s. barədə anons-informasiyalar da verilib. 

Bir sözlə, oktyabr ayı ərzində mənalı və yaddaqalan mədəni istirahət imkanı  axtaranlar paytaxtın incəsənət həyatında nəyin harada və nə vaxt olacağını “Mədəniyyət+Afişa”nın səhifələrindən öyrənə bilərlər. Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan qəzetdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun mədəni tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

Qeyd edək ki, “Afişa” əlavəsinin yeni sayı 1 oktyabr tarixindən paytaxtdakı 1, 2, 3 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində, eləcə də Bakı şəhərindəki teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Bundan əlavə, nəşrin yeni buraxılışını M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucuları da əldə edə bilərlər.

Nəşrin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.