Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının qərarına əsasən, “Yaradıcı və mədəniyyət sənayelərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması üzrə İşçi qrupu təşkil edilib. İşçi qrupun tərkibinə Mədəniyyət Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları və nazirliyin tabeliyində olan qurumların nümayəndələri daxil edilib.

İşçi qrupun ilk iclası keçirilib. İclasda Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib. Bu sahənin inkişafı istiqamətində yaranan problemlər və həll yolları barədə fikir mübadiləsi aparılıb, görülməli işlərlə bağlı nazirliyin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Yaradıcı və mədəniyyət sənayeləri üzrə dünya təcrübəsi, yerli müasir innovativ yanaşmalar və onların ölkəmizdə tətbiqi imkanları müzakirə edilib.

İşçi qrupun rəhbəri, nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu sahədə atılacaq addımlar barədə lazımi məlumatları diqqətə çatdırıb. Bildirib ki, yaradıcı və mədəniyyət sənayelərinin daha geniş təbliğatını təmin etmək məqsədilə tezliklə “Creative Azerbaijan” internet saytının istifadəyə verilməsi və bu sahədə digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Görüş zamanı bu sahədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə sosial çarxın hazırlanması təklif edilib.