Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 2007-ci ildən ölkəmizdə ilk dəfə olaraq Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti (İMC Krems TEU) ilə ikili diplom proqramı həyata keçirir.

Proqram çərçivəsində növbəti qrupun yaradılması məqsədilə ATMU-da iki mərhələdə müsahibələr keçirilib. Nəticədə 28 tələbə “AATP BA Cohort 2019” qrupunda təhsil almaq hüququ əldə edib.

İndiyədək bu proqram üzrə ümumilikdə 216 nəfər (203 bakalavr və 13 magistr) hər iki ali təhsil ocağının diplomunu alıb. Hazırda proqram üzrə bakalavr pilləsində 77, magistr pilləsində 5 tələbə təhsili alır.

Qeyd edək ki, ATMU eyni zamanda Almaniyanın Vilhemşaven şəhərindəki Yade Tətbiqi Elmlər Universiteti ilə mübadilə proqramı üzrə əməkdaşlıq edir.

Bu günlərdə daha iki tələbə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə Yade Tətbiqi Elmlər Universitetində bir semestr təhsil almaq imkanı qazanıb.